Elektrik və istilik stansiyaları haqqında
Azərbaycan Respublikasının Qanunu
Qəbul edilmişdir: 28 dekabr 1999-cu il, № 784-IQ
I Fəsil
Ümumi müddəalar
Maddə 1. Qanunun tətbiq sahəsi və məqsədi
Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq elektrik
və istilik enerjisi istehsal edən daimi qurğuların (bundan sonra — elektrik
stansiyaları) layihələndirilməsi, inşası, istismarı və istifadəsinin hüquqi əsaslarını
müəyyən edir. Qanunla eyni məkanda yerləşən vahid (ayrılmaz) texnoloji əlaqədə
olan enerji istehsal qurğuları toplusuna bir elektrik stansiyası kimi baxılır.
Müstəqil elektrik stansiyaları — iqtisadi və təşkilati cəhətdən tam müstəqil
olan və vahid dövlət elektroenergetika sisteminə tabe olmayan hüquqi şəxslərdir.
Bu Qanunun məqsədi:
elektrik stansiyalarında, o cümlədən müstəqil elektrik stansiyalarında elektrik və
istilik enerjisinin istehsalının;
elektrik və istilik enerjisi istehsalının sənaye proseslərilə birgə şəraitdə
səmərəliliyinin;
elektrik və istilik enerjisi istehsalçıları, nəqlediciləri və paylaşdırıcıları arasında
əməkdaşlığın;
təhlükəsizliyə, əhalinin sağlamlığına və ətraf mühitə mənfi təsirin
məhdudlaşdırılmasının hüquqi təminatından ibarətdir.
Maddə 2. Elektrik və istilik stansiyalarının tikintisi, yenidən qurulması və
istismarı üzrə hüquqlar
Bu Qanunun müddəalarına əsasən hər hansı üçüncü tərəfin (istənilən fiziki və
hüquqi şəxsin) hüquqlarını məhdudlaşdırmadan istənilən fiziki və hüquqi şəxs
özünə məxsus olan və ya sahibi tərəfindən bu məqsədlə istifadə etmək üçün ona
verilən daşınmaz əmlakdan istifadə edərək elektrik stansiyası tikmək, onu yenidən
qurmaq və istismar etmək hüququna malikdir.
II Fəsil
Kiçik və sənaye tipli elektrik stansiyaları
Maddə 3. Kiçik elektrik stansiyaları
1. Aşağıda müəyyən edilmiş şərtlərə cavab verən və ya aşağıdakı hədlərdə
elektrik gücünə malik olan stansiyalara kiçik elektrik stansiyaları kimi baxılır:
a) elektrik və istilik enerjisi istehsal edən günəş elektrik stansiyaları;
b) gücü 10 kilovatdan 100 kilovata qədər olan, hər hansı üçüncü tərəfin
daşınmaz əmlakından müvafiq norma və standartlara uyğun məsafədə
yerləşdirilən, elektrik enerjisi istehsal edən külək elektrik stansiyaları;
c) gücü 50 kilovatdan 10.000 kilovata qədər olan, sabit su axımında yerləşdirilən
və istifadə edilən suyun dərhal yenidən öz məcrasına qaytarılmasını təmin edən su
elektrik stansiyaları;
ç) təbii odun istisna olmaqla, təqribən 80 faizi bioloji kütlədən alınan qaz və ya
digər yanacaq növü vasitəsi ilə elektrik və istilik enerjisi istehsal edən elektrik
stansiyaları;
d) ümumi elektrik təchizatında fasilələr yarandığı halda yanacaqla işlədilən
elektrik enerjisi istehsal edən qəza elektrik stansiyaları. Bu stansiyaların fəaliyyət
müddəti ümumi enerji təchizatında yaranan gözlənilməz fasilələr və təmir üçün
tələb olunan zamanla məhdudlaşdırılır.
2. Energetika fəaliyyəti ilə məşğul olmağa xüsusi icazəsi olan şəxslərdən
aşağıdakı şərtlər təmin edildiyi təqdirdə kiçik elektrik stansiyalarının tikintisi və
istismarı üçün xüsusi icazə və tender proseduru tələb edilmir:
a) kiçik elektrik stansiyaları və onlarla birləşən tikililər hüquqi və fiziki şəxslər
və ya onların birliklərinin daşınmaz əmlakı və ya onlara istifadəyə verilmiş əmlak
üzərində tikilib istismar edilərsə və enerji həmin ərazidə (əmlakda) istifadə
olunarsa;
b) elektrik və istilik enerjisi, bir qayda olaraq, hüquqi və fiziki şəxsin və ya
onların birliklərinin daşınmaz əmlakı və ya onlara istifadəyə verilmiş əmlak
üzərində istehsal olunarsa və üçüncü tərəf bu enerji ilə 6-cı maddədə nəzərdə
tutulmuş tələblərə müvafiq təmin edilərsə;
c) elektrik stansiyası və onun komponentləri, ötürücü və paylaşdırıcı xətlər,
enerji materiallarının saxlanılması yerləri bu Qanunun müddəalarına müvafiq
tikilərsə və istismar edilərsə.
Bərpa olunan enerji mənbələri əsasında işləyən stansiyaların tikintisinə dövlət
tərəfindən dotasiya verilə bilər. Həmçinin bu stansiyalarda istehsal edilən enerjinin
alınmasına heç bir məhdudiyyət olmadan təminat verilir.
Qanunvericiliklə müəyyən edilən hallarda müvafiq icra hakimiyyəti orqanı
tərəfindən kiçik elektrik stansiyalarının tikintisi qadağan edilə, onların fəaliyyəti
yoxlanıla, müvəqqəti dayandırıla və ya fəaliyyətinə xitam verilə bilər.
Maddə 4. Sənaye tipli elektrik stansiyaları
1. Bu Qanunun 3-cü maddəsində müəyyən edilmiş elektrik stansiyaları istisna
olmaqla, qalan bütün elektrik stansiyalarına sənaye tipli elektrik stansiyaları kimi
baxılır. Kiçik elektrik stansiyaları üçün bu Qanunun 3-cü maddəsinin 2-ci bəndində
nəzərdə tutulan şərtlər eyni qaydada sənaye tipli elektrik stansiyalarına da şamil
edilir.
2. Sənaye tipli elektrik stansiyalarının tikintisi və istismarı üzrə fəaliyyət yalnız
müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi əsasında həyata keçirilir.
3. Bu Qanunla aşağıdakı hallar elektrik stansiyasının tikintisi kimi qəbul edilir:
a) elektrik stansiyalarının layihədə nəzərdə tutulmuş istehsal gücünün
artırılması;
b) elektrik stansiyalarının fəaliyyətini təmin edən enerji daşıyıcılarının layihədə
nəzərdə tutulmuş növünün dəyişdirilməsi;
c) ardıcıl olaraq 2 ildən artıq fəaliyyət göstərməyən elektrik stansiyalarının
yenidən fəaliyyətə başlaması.
4. Elektrik və istilik enerjisi istehsalı müəssisəsinin əsas sənaye istehsal
fəaliyyətinin tərkib hissəsi olarsa, bu maddənin 2-ci bəndi tətbiq olunmur. Bu halda
elektrik və istilik enerjisi istehsalının bu müəssisənin əsas fəaliyyət növü üçün
alınan icazə əhatəsində baxılır. Bu şərt həmçinin:
a) tərkibində fəaliyyət göstərdiyi sənaye müəssisəsinin hüdudlarında elektrik və
istilik enerjisinin nəqli və paylaşdırılmasına;
b) ümumi elektrik və istilik təchizatı şəbəkələri ilə əlaqəsi olmayan və onlara
ayrılmış torpaq sahəsindən 10.000 metr məsafədə yerləşən istehlakçılara enerji
verilməsinə aiddir.
Maddə 5. Sənaye tipli elektrik stansiyalarının tikintisinə və istismarına
əsaslar
1. Mövcud istehsalçılar və paylayıcılar tərəfindən sifarişçilərə və istehlakçılara
elektrik və istilik enerjisi vermək imkanı məhdudlaşarsa, müvafiq icra hakimiyyəti
orqanı:
tikiləcək elektrik stansiyası sifarişçilərin və istehlakçıların cari və perspektiv
tələblərini standartlara uyğun, keyfiyyətli, lazımi miqdarda, müntəzəm və vaxtında
ödənilməsini təmin etdiyi;
elektrik stansiyası tərəfindən təklif olunan enerjinin qiymətləri digər
təchizatçıların təklif etdiyi qiymətdən aşağı olduğu;
elektrik stansiyasının istehsal etdiyi enerjinin qiymətləri yalnız təhlükəsizlik,
ətraf mühitin qorunması, sağlamlıq tədbirləri və digər sosial problemlərin həlli ilə
əlaqədar mövcud qiymətlərdən yüksək olduğu təqdirdə yeni sənaye tipli elektrik
stansiyasının tikintisinə xüsusi icazə verir.
2. Sənaye tipli elektrik stansiyasının tikintisinə və istismarına tələb olunan
təşkilati, avadanlıq təminatı, ixtisaslı personal hazırlığı olan şəxslərə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən xüsusi icazə verilir.
3. Elektrik stansiyalarının tikintisi və istismarı üçün xüsusi icazə təsdiq olunmuş
qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Maddə 6. Elektrik stansiyalarında istehsal edilmiş elektrik enerjisinin nəql
edilməsi və paylaşdırılması
1. Qanunvericiliklə müəyyən edilmiş qaydada elektrik stansiyasının istismarına
icazəsi olan şəxs, ötürücü xətlər onun daşınmaz əmlakında və ya ona istifadəyə
verilmiş əmlakda olduğu təqdirdə elektrik enerjisini sənaye müəssisələrinə və
başqa istehlakçılara verə bilər.
2. Elektrik stansiyasının istismarına icazəsi olan şəxs, öz qurğularını, elektrik
enerjisi paylayıcısının əvvəlcədən yazılı razılığı olmadan onun xətlərinə və
nəqletmə qurğularına qoşa bilməz.
3. Elektrik stansiyasında istehsal edilmiş elektrik enerjisinin nəql edilməsi və ya
paylaşdırılmasının texniki və kommersiya şərtləri açıq şəkildə tərəflər arasında
müzakirə edilir və müvafiq qərarlar qəbul edilir.
Bu qərarlar tərəflərin ümumi marağına müvafiq olmalı və aşağıdakıları nəzərdə
tutmalıdır:
a) elektrik enerjisi təchizatının kəsilməsinin qarşısını almaq tədbirləri;
b) elektrik enerjisinin nəqli və paylaşdırılması üzrə qarşılıqlı əlaqələrin inkişafı;
c) elektrik enerjisini nəqletmə və paylaşdırma vasitələrinin inkişafı və istismarı;
ç) elektrik enerjisinin idxalı, ixracı və tranziti üçün elektrik veriliş xətlərinin
tikilməsi və yenidən qurulması.
Maddə 7. Dövlət əhəmiyyəti kəsb edən müstəqil elektrik stansiyaları üçün
dövlət təminatı
1. Yeni elektrik stansiyasının tikilməsi və ya köhnə elektrik stansiyasının
yenidən qurulması bu Qanunun müddəalarına müvafiq aparılırsa, o müstəqil
elektrik stansiyası statusuna malikdirsə və ölkə üçün ictimai maraq (dövlət
əhəmiyyəti) kəsb edirsə, yerli və xarici investorları cəlb etmək məqsədi ilə müvafiq
icra hakimiyyəti orqanı (layihəyə üstünlük statusu verməklə) aşağıda göstərilən
üstünlüklərin lazımi səviyyədə və müddətdə istifadəsinə təminat verir:
a) müstəqil elektrik stansiyasının tikintisi üçün lazım olan bütün əsas istehsal
fondlarının (avadanlıqların və ya onların hissələrinin) idxalının (geriyə ixracının)
bütün növ vergi və rüsumlardan azad edilməsi;
b) digər elektrik stansiyaları ilə müqayisədə heç bir ayrı-seçkiliyə və
məhdudlaşdırmaya yol vermədən, müstəqil elektrik stansiyasının (ölkədən və ya
xaricdən) yanacaqla təmin olunmasına şərait yaradılması;
c) müstəqil elektrik stansiyası, nəqledici və paylaşdırıcı arasında bağlanan
müqaviləyə müvafiq olaraq elektrik enerjisinin istənilən təyinatlı məntəqəyə
çatdırılması;
ç) müstəqil elektrik stansiyasının istehsal etdiyi enerjinin heç bir məhdudiyyətə
və ayrı-seçkiliyə yol vermədən enerji bazarına çıxarılması;
d) yerli tələbatı ödəməklə bərabər məhdudiyyət qoymadan və xüsusi icazə tələb
etmədən müstəqil elektrik stansiyasının istehsal etdiyi elektrik enerjisinin
bütövlüklə və ya qismən ixrac edilməsi;
e) öz gəlir payının və Azərbaycan Respublikasına gətirilmiş ona məxsus əsas
fondların satılmasından əldə olunan istənilən pul vəsaitinin investor tərəfindən tam
istifadəsi, sərbəst dönərli valyutada xaricə köçürülməsi;
ə) qanunvericilikdə nəzərdə tutulmuş digər üstünlüklərin təminatı.
2. Dövlət həmçinin xarici fiziki və hüquqi şəxs olan investorların mülkiyyəti
kimi müstəqil elektrik stansiyaların tikilməsinə təminat verir. Bu halda müvafiq
hakimiyyət orqanları bu maddənin 1-ci bəndində göstərilən təminatlarla bərabər
xarici investorların xərclərini ödəmək məqsədi ilə investorlar qrupunun
yaradılması, dövlət qeydiyyatından keçməsi, xüsusi icazələrin verilməsi, idxal,
ixrac və valyuta əməliyyatlarının təşkili kimi müvafiq təşkilati məsələlərin həllinə;
müstəqil elektrik stansiyasının dövlət enerji sistemində birgə fəaliyyət
göstərməsinə;
elektrik enerjisinin satılmasından əldə edilən xarici paylar da daxil olmaqla,
vəsaitin istənilən valyuta ilə ödənilməsinə;
fors-major halları da daxil olmaqla, fövqəladə hadisələr şəraitində uzunmüddətli
borcların ödənilməsinə şərait yaradılması üçün təminat verir.
III Fəsil
Elektrik stansiyalarının tikintisinə, yenidən
qurulmasına və istismarına texniki tələblər
Maddə 8. Ümumi tələblər
1. Elektrik stansiyalarının (enerji daşıyıcıları saxlanılan qurğular da daxil
olmaqla) bütün qurğuları ümumi, texniki və hüquqi tələb və şərtlərə müvafiq
olaraq təhlükəsiz və qabaqcıl texnologiyaya uyğun layihələndirilməli, tikilməli,
istismar edilməli və saxlanılmalıdır.
2. Elektrik enerjisinin nəqli və paylaşdırılması şəbəkəsinə qoşulmuş elektrik
stansiyaları tərəflərin razılaşdırdıqları texniki tələblərə müvafiq istismar edilir və
saxlanılır. Elektrik stansiyasının istismarına icazəsi olan şəxs elektrik enerjisi
verilməsinin təmin edilməməsi nəticəsində vurduğu ziyan üçün məsuliyyət daşıyır.
Elektrik stansiyası tərəfindən razılaşdırılmış şərtlər pozularsa, elektrik enerjisinin
nəqli və paylaşdırılması ilə məşğul olan şəxslər elektrik stansiyasını öz
şəbəkələrindən ayıra və ya onun qarşısında müvafiq tələblər qoya bilərlər.
Maddə 9. Elektrik stansiyaları üçün tullantı hədləri
Elektrik stansiyalarının fəaliyyəti nəticəsində yaranan bütün tullantı növlərinin
hədləri beynəlxalq normalara və standartlara və ya onların əsasında Azərbaycan
Respublikasında qəbul edilmiş göstəricilərə müvafiq olmalıdır və onlar bu Qanun
qüvvəyə mindikdən sonra tikilən elektrik stansiyalarına tətbiq edilir. Bu şərtlər bu
Qanun qüvvəyə mindikdən sonra qurulan və ya istehsal gücü artırılan elektrik
stansiyalarının yeni hissəsinə də şamil edilir.
Maddə 10. Atmosferi çirkləndirən tullantı hədləri
1. Elektrik stansiyasının istismarına icazəsi olan şəxs elektrik stansiyasının hər
istismar saatı üçün orta aylıq və illik tullantıların ümumi həcmi və uçotunun
aparılması üçün nəzarət qaydalarını müəyyən edir.
2. Elektrik stansiyalarının nominal gücündən asılı olaraq onun tullantı hədləri
beynəlxalq normalara və standartlara və ya onların əsasında Azərbaycan
Respublikasında qəbul edilmiş göstəricilərə müvafiq olmalıdır. Tullantılar hər bir
elektrik stansiyası üçün müntəzəm olaraq ölçülür.
3. Qaz tullantıları xüsusi borular vasitəsilə elə kənarlaşdırılmalıdır ki, külək
onları sərbəst şəkildə apara bilsin. Bu borular norma və standartlara uyğun
olmalıdır.
Maddə 11. Səs-küy, qoxu və titrəyişlərin hədləri
Elektrik stansiyasının yerləşdiyi sahənin divarı və ya hasarında:
elektrik stansiyasından gələn səs-küy 40 db-dən yüksək olmamalıdır;
elektrik stansiyasından heç bir yanıq qoxusu gəlməməlidir;
xüsusi texniki vasitələrdən istifadə etmədən heç bir titrəyiş hiss edilməməlidir.
Maddə 12. İstifadə edilmiş su tullantılarının tərkibi və istilik hədləri
Elektrik stansiyalarında istifadə olunmuş su tullantılarının istiliyinin və tərkib
elementlərinin hədləri beynəlxalq normalara və standartlara və ya onların əsasında
Azərbaycan Respublikasında qəbul edilmiş göstəricilərə müvafiq olmalıdır.
Maddə 13. Tullantıların azaldılması tədbirləri
Yeni elektrik stansiyalarında tullantıların minimal səviyyədə olmasını təmin
etmək məqsədi ilə tullantılardan digər sənaye sahələrində istifadə edilməsi üçün
stansiyalar tələb olunan ən müasir texnologiya əsasında layihələndirilir, tikilir və
istismar edilir.
Elektrik stansiyasının tullantıları qanunvericiliyə müvafiq olaraq stansiyanın
sərəncamında olur. Elektrik stansiyası təhlükəsizliyə, ətraf mühitə və sağlamlığa
göstərilə biləcək təsirin qarşısının alınması üçün bütün tələb olunan tədbirləri
görməlidir.
Maddə 14. Qəzalar və bədbəxt hadisələr
Təhlükəsizliyə, ətraf mühitə və insanların sağlamlığına zərər vura biləcək və ya
artıq zərər vurmaqda olan qəza və bədbəxt hadisələr zamanı elektrik stansiyasının
istismarına icazəsi olan şəxs müvafiq icra hakimiyyəti orqanını dərhal xəbərdar
edir. Elektrik stansiyasını istismar edən şəxslər qəzaların və bədbəxt hadisələrin
qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının buna aidiyyəti olan
sərəncamlarının yerinə yetirilməsi üçün bütün tədbirləri görür.
Maddə 15. Qanunun pozulmasına görə məsuliyyət. Cərimələr
İnşaat və istismar vaxtından asılı olmayaraq, elektrik stansiyasının tikintisi və ya
onun istismarı bu Qanunun tələblərinə uyğun gəlmədikdə və ya ətraf mühitə,
əhalinin sağlamlığına və üçüncü şəxslərin əmlakına təhlükə törətdikdə təqsirkar
olan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
məsuliyyət daşıyırlar.
Bu barədə yazılı şikayət daxil olduqda, onunla əlaqədar qərar qəbul etmək
səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Müvafiq icra
hakimiyyəti orqanı şikayətlə əlaqədar qəbul edilmiş qərarın nəzərdə tutulmuş
müddətdə yerinə yetirilməsini tələb edə bilər.
Müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulan hallarda
müvafiq cərimələr tətbiq etmək hüququna malikdir.
Enerji istehsalçıları və təchizatçıları istehlakçıların hüquqlarının pozulması
hallarına səbəb olan hərəkətlərinə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyırlar.
«Elektrik və istilik stansiyaları haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Elektrik və istilik stansiyaları haqqında» Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay
müddətində:
qüvvədə olan qanunvericilik aktlarının «Elektrik və istilik stansiyaları haqqında»
Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş elektrik
stansiyalarının tikintisi və istismarı üçün xüsusi icazənin verilməsi qaydalarını
təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
həmin Qanunun 3-cü maddəsinin 2-ci bəndində, 4-cü maddəsinin 2-ci bəndində,
5-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində, 7-ci maddəsinin 1-ci bəndində, 14-
cü maddəsində və 15-ci maddəsində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti
orqanı»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair
təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
«Elektrik və istilik stansiyaları haqqında» Azərbaycan Respublikası Qanununun
pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının
layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində «Elektrik və istilik stansiyaları haqqında»
Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.